ELM VƏ TƏHSİL
Frensis Qarri: Yaxşı idarəolunan əqli mülkiyyət sistemi elmi-texniki inkişafın innovasiyalı sıçrayışına xidmət edə bilər
Bakı, 21 oktyabr, AZƏRTAC
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru Frensis Qarri Moskva şəhərində keçirilən Rusiya Əqli mülkiyyət üzrə Federal xidmətinin (Rospatent) 23-cü Beynəlxalq konfransının iştirakçılarına ünvanladığı təbrikdə vurğulayıb ki, yaxşı idarəolunan əqli mülkiyyət sistemi elmi-texniki inkişafın innovasiyalı sıçrayışına xidmət edə bilər.
Əqli Mülkiyyət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Frensis Qarri novatorların iqtisadi artımın əsas hərəkətvericilərindən olduğunu qeyd edib. O bildirib: “Öz növbəsində, əqli mülkiyyət innovasiya prosesində mühüm rola malikdir. Effektiv, balanslaşdırılmış və yaxşı idarəolunan əqli mülkiyyət sistemi elmi-texniki inkişafın innovasiyalı sıçrayışına imkan yarada və yardım edə bilər”.
“Əqli mülkiyyətin cəmiyyətin sıçrayışla elmi-texniki inkişafında rolu” konfransında əqli mülkiyyətin inkişaf gündəliyinə daxil olan bir çox nəzəri və praktiki mövzular müzakirə edilib.
Tədbir iştirakçılarının xüsusi diqqətini cəlb edən mövzulardan biri süni intellektin mahiyyəti, hüquqi təsnifatı, əsər müəllifi kimi tanınması, onun tərəfindən yaradılan kontentin hüquqi qorunması olub.
Avrasiya Patent Təşkilatının prezidenti Saule Tlevlessova öz çıxışında süni intellekt məsələsinə toxunarkən deyib: “İki il bundan əvvəl yeni bir təhdid - blokçeyn təhdidi meydana çıxmışdı, indi isə informasiya texnologiyalarının inkişafı ilə əlaqədar daha yenisi - süni intellekt təhdidi aktuallaşıb”. O qeyd edib ki, bu məsələ çox maraqlı və mürəkkəbdir.
“Lakin biz bu təhdidi qəbul edirik, patent sistemi işləyir, inkişaf edir, biz süni intellektin köməyi ilə ekspertizalar keçiririk, hətta deyə bilərəm ki, bu gün hansı sahələrdə onu istifadəsi daha çox effekt verir. Bu (süni intellekt), ixtiraların təsnifləndirilməsində, ilkin patent axtarışında, sənaye nümunələrin təsvirlərinin axtarışında və əlbəttə ki, maşın tərcüməsində olduqca fəal işlənilir. Hər şey və hamı süni intellektin əqli mülkiyyət sahəsində geniş tətbiqinə hazırdır”, - deyə Saule Tlevlesso əlavə edib.
Tədbir iştirakçıları süni intellektin əqli mülkiyyət sahəsində istifadəsinin nəzəri, normayaradıcı fəaliyyətə təsiri, praktiki tətbiqi aspektlərinin birmənalı qarşılanmadığını bildiriblər.
Tədbirdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nümayəndələri də iştirak ediblər.