QAN YADDAŞI
Fuad Muradov Stokholmda Xocalı soyqırımına həsr olunan tədbirdə iştirak edib VİDEO
Stokholm, 27 fevral, Rauf Əliyev, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Stokholmda Xocalı soyqırımının növbəti ildönümünə həsr olunan tədbirdə iştirak edib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Stokholmun “Clarion Sign” hotelində baş tutan tədbirdə Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov, diasporumuzun fəal üzvləri və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov Xocalı soyqırımının dünya tarixinin ən qəddar qırğınlarından biri olduğunu vurğulayıb. Həmin günlər baş verən hadisələrə düzgün hüquqi-siyasi qiymətin verilməsinin vacibliyini vurğulayan səfir ümummilli lider Heydər Əliyevin bu yolda atdığı addımlardan danışıb.
Stokholmda Azərbaycan həqiqətlərinin tanıdılması, Xocalı soyqırımının və uzun illər davam edən ərazilərimizin işğalı haqda məlumatların yerli ictimaiyyətə çatdırılmasının vacibliyini bildirən səfir bu səpkidə görülən işlər və gələcək planlar haqqında da ətraflı danışıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov rəhbərlik etdiyi qurumun İsveçdə həyata keçirdiyi layihələrdən söz açıb. Diasporumuzun, xüsusilə Skandinaviya ölkələrində aktivliyinə toxunan sədr qazanılan nəticələrə baxmayaraq, birgə amal uğrunda fəaliyyətin vacibliyini vurğulayıb.
30 il əvvəl Azərbaycanın Xocalı şəhərində baş verənlərə toxunan Fuad Muradov xalqımızın başına gətirilən müsibətlərə dünya birliyi tərəfindən biganəlik nümayiş olunduğunu məyusluq hissi ilə vurğulayıb. Bunu nəzərə alaraq, o, xüsusi olaraq “Xocalıya ədalət!” kampaniyası çərçivəsində xalqımıza qarşı törədilən qanlı soyqırımların xaricdə tanıdılması üçün həyata keçirilən işlərdən danışıb. Fuad Muradov diqqətə çatdırıb ki, diasporumuz bu sahədə artıq fəaldır və 30 il əvvəl baş verən hadisələrin qurbanları bu gün də bütün dünyada anılır.
Güclü diasporun yalnız fikir müxtəlifliyinə baxmayaraq, ümumi amal uğrunda davamlı iş yolu ilə əldə oluna bildiyini, bu səbəbdən Azərbaycan uğrunda aparılan işlərdə, ilk növbədə, ölkəmizin, xalqımızın mənafeyinin nəzərə alınmalı olduğunu vurğulayan Fuad Muradov postpandemiya dövründə diasporumuzun daha güclü olmasının da vacibliyini diqqətə çatdırıb.
Sonra komitə sədri rəhbərlik etdiyi qurumun keçən dövr ərzində həyata keçirdiyi layihələrdən danışıb.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri və nailiyyətləri haqda videoçarx nümayiş olunub.
Fuad Muradov qonaqları maraqlandıran sualları da cavablandırıb.
Daha sonra İsveç̧ Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi İradə Əliyeva Söderberq çıxış edərək postmüharibə dövründə diasporumuzun ölkəmiz haqqında həqiqətlərinin yayılması uğrunda fəaliyyətindən danışıb.
Tədbir Azərbaycan Diasporuna Dəstək Fondunun əməkdaşı Xıdır Kazımovun təqdimatı, diaspor fəaliyyəti üzrə məsələlərə dair fikir mübadiləsi ilə davam edib.
Sonda İsveç̧ Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi İradə Əliyeva Söderberqə diaspor fəaliyyətində fərqlənməyə görə medalı təqdim edilib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm