İDMAN


Futbol üzrə dünya çempionatı: İspaniya - Almaniya qarşılaşması heç-heçə başa çatıb

Bakı, 28 noyabr, AZƏRTAC

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, günün son qarşılaşması İspaniya - Almaniya arasında keçirilib. Görüşdə ilk qolu 62-ci dəqiqədə İspaniya komandasından Alvaro Morata vurub. Matçın 83-cü dəqiqəsində isə Fullkruq Almaniyanın cavab qolunu qapıdan keçirib. Beləliklə, qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Bununla da, aktivində 4 xal olan İspaniya millisi qrupda ilk pillədəki mövqeyini qoruyub. Yaponiya və Kosta Rika hərəyə 3 xalla, müvafiq olaraq 2-3-cü yerlərdə qərarlaşıblar. Aktivində 1 xal olan Almaniya isə sonuncu yerdədir.

Dünya çempionatı ilk dəfədir Yaxın Şərqdə keçirilir. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda isə 48 yığma mübarizə aparacaq.

Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. Dünya çempionatında ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla səkkiz qrupda mübarizə aparır.

Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan yeddisi iştirak edir. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.