REGİONLAR
Füzuli kümçüləri barama tədarükünə görə nəzərdə tutulan planı birinci yerinə yetiriblər
Füzuli, 10 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığı ilə ənənəvi təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda diqqət mərkəzində saxlanılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ərazisinin xeyli hissəsi işğal altında olmasına, yaşayış məntəqələrinin çoxunun təmas xəttinə yaxın məsafədə yerləşməsinə baxmayaraq, baramaçılığın keçmiş şöhrətinin qaytarılmasını, barama istehsalına görə ölkədə ön sırada olmağı hədəfləyən füzulililər istəklərinə nail olublar. Belə ki, Füzuli kümçüləri barama tədarükünə görə nəzərdə tutulan planı respublikada birinci olaraq yerinə yetiriblər. Bu günədək 46 ton plana qarşı 46,5 ton barama tədarük edilərək, “Azəripək” MMC-yə təhvil verilib. Cari ildə 1150 qutu (21 min 850 qram) ipəkqurdu toxumu yetişdirən rayon kümçüləri hazırda barama tədarükünü davam etdirirlər.
Füzuli Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, baramaçılıq 1970-1980-ci illərdə Füzuli rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən olub. 1990-cı illərin əvvəllərində tənəzzülə uğrayan baramaçılıq 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 4 ton, 2017-ci ildə 24,3 ton, 2018-ci ildə isə 37,5 ton barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 130 min ədədə qədər tut tingi əkilib.
Dövlətin baramaçılığın inkişafına diqqət göstərməsi, bir kiloqram baramanın qiymətinin subsidiya ilə birgə 9 manat olması rayon sakinlərinin bu sahəyə marağını artırıb. Çünki baramaçılığın inkişafı iş yerləri, əlavə qazanc və yaxşı güzəran deməkdir. Rayon kümçüləri ötən il barama istehsalından 340 min manata yaxın gəlir əldə etmişdilərsə, bu il 450 min manat gəlir götürülməsi nəzərdə tutulur.