İQTİSADİYYAT
Füzuli rayonunun Əhmədbəyli kəndinə təbii qaz verilmişdir
Füzuli, 5 mart (AZƏRTAC). “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Füzuli rayonunun Əhmədbəyli kəndinə təbii qaz verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə “Azəriqaz” İB-nin və rayon rəhbərliyinin təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin, kənd sakinlərin iştirakı ilə mərasim keçirilmişdir.
Tədbirdə çıxış edənlər sakinləri qaz çəkilişi münasibəti ilə təbrik etmiş, ölkədə gedən sosial-iqtisadi inkişafdan, həyata keçirilən sosial layihələrdən, əhalinin mavi yanacaqla təmin olunması istiqamətində görülən işlərdən danışmışlar.
Bildirilmişdir ki, indiyədək Horadiz şəhəri və rayonun 17 kəndi təbii qazla təmin olunmuşdur. Hazırda rayonun Yuxarı Kürdmahmudlu, Mahmudlu-2 kəndlərinə, Zobucuq 1 və Zobucuq 2 qəsəbələrinə daxili, Qayıdış qəsəbəsinə isə daşıyıcı qaz xətləri çəkilir.
Məlumat verilmişdir ki, Əhmədbəyli kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 14 min 219 metr müxtəlif diametrli polietilen, 11 min 179 metr daxili qaz xətləri çəkilmiş, 381 abonentə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılmışdır.
Tədbirdə çıxış edən kənd ağsaqqalları və ziyalılar əhalinin sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Kəndə təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılmışdır.