CƏMİYYƏT


Füzulililər Nardaranda baş vermiş hadisələri qətiyyətlə pisləyirlər

Füzuli, 30 noyabr, AZƏRTAC

Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində bir qrup ekstremistin qanunsuz əməlləri nəticəsində baş vermiş hadisə respublikamızın bütün bölgələrində olduğu kimi, Füzuli rayonunda da etirazla qarşılanıb.

AZƏRTAC xəbər verir ki, Füzuli rayon ictimaiyyəti bu hadisə ilə bağlı bəyanat qəbul edib. Bəyanatda Azərbaycandakı ictimai-siyasi sabitliyi, iqtisadi inkişafı, ən əsası xalqla dövlətin birliyini istəməyən xarici qüvvələrin təsirinə düşərək hərəkət edən ekstremist Taleh Bağırzadə və ətrafındakıların respublikada çaşqınlıq, xaos yaratmaq cəhdləri qətiyyətlə pislənilir. Bildirilir ki, füzulililər xalqın, dövlətin və dövlətçiliyin keşiyində dayanan, öz peşə funksiyasını yerinə yetirən polis əməkdaşlarına qarşı çıxanları, ona silah qaldıranları lənətləyir, dövlətə qarşı hər hansı xəyanəti qəti şəkildə pisləyir, bunu təşkil edənlərin ciddi şəkildə cəzalandırılmalarını tələb edirlər.

Füzuli sakinləri hər zaman dövlətin və dövlətçiliyin yanında olduqlarını, Prezident İlham Əliyevin ətrafında birləşdiklərini bəyan edirlər. Füzulililər bildirirlər ki, Azərbaycanın bir düşməni var. O da torpaqlarımızın 20 faizini işğal edən, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşamasına səbəb olan Ermənistandır. Bu gün hər bir azərbaycanlı dövlətimizin başçısının ətrafında sıx birləşməli, ümumi düşmənimizə qarşı mübarizə aparmalıdır.

Füzulililər Taleh Bağırzadə və onun əlaltılarının hərəkətlərini düşmən dəyirmanına su tökmək kimi dəyərləndirirlər. Rayon sakinləri dünyada tolerantlığın, multikulturalizmin nümunəsi hesab edilən Azərbaycanda din pərdəsi altında silahlı təxribatlar törətmək, qarşıdurma yaratmaq istəyən ekstremist qüvvələrin cəhdlərinin qarşısının bundan sonra da qətiyyətlə alınacağına əminliklərini ifadə edirlər.

Bəyanatda deyilir: “Azərbaycan dünyəvi, bəşəri, hüquq dövlətidir. Heç bir qüvvə xalqla dövlətin birliyini sarsıda bilməz. Azərbaycanda hər bir vətəndaş qanuna və qanunçuluğa hörmətlə yanaşmalıdır. Qanunlara hörmətlə yanaşmayan, ona qarşı çıxanlar isə layiqli cəzalarını alacaqlar”.

Rayon sakinləri inanırlar ki, ölkəmizdə qarışıqlıq salmaq, təxribatlar törətmək istəyənlərə hüquq mühafizə orqanları tərəfindən layiqli cəza veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.