REGİONLAR
GDU-da şəhid yaxınları və aztəminatlı ailələrlə növbəti görüş keçirilib
Gəncə, 4 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Şəhid Hacı Rauf adına Tədris və Gənclik Mərkəzinin təşkilatçılığı ilə Gəncə Dövlət Universitetinin (GDU) ikinci tədris binasının akt zalında aztəminatlı ailələr və şəhid yaxınları ilə görüş təşkil olunub.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən müharibəsində qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi yad edilib.
Çıxış edən Universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva iştirakçıları salamlayaraq, şəhid analarının dərdinə şərik olduğunu bildirib. Qazilərimizin tezliklə sağalmasını arzu edən prorektor layihənin təşkilatçılarına təşəkkür edib.
GDU-nun Xarici dillər fakültəsinin 30 nəfərdən ibarət tələbəsinin aztəminatlı ailələr və şəhid övladlarına alman və ingilis dillərinin öyrənilməsində yaxından köməklik göstərməsinin qürurverici olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, şəhid Hacı Rauf adına Tədris və Gənclik mərkəzinin təşkilatçılığı ilə “Teach and Learn” layihəsi çərçivəsində 150 aztəminatlı ailənin uşaqlarına və şəhid övladlarına təhsil verilib.
Şəhid anaları çıxış edərək, onlara göstərilən diqqət və qayğıya görə təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.
İbtidai sinif şagirdlərinin müxtəlif səpkidə hazırladıqları kompozisiyalar nümayiş etdirildikdən sonra universitetin layihədə iştirak edən bir qrup tələbəsinə fəxri fərman verilib.
Tədbir şəhidlərin şəxsi əşyalarından ibarət sərginin nümayişi ilə başa çatıb.