MƏDƏNİYYƏT
GÖRKƏMLİ MUSİQİÇİ MSTİSLAV ROSTROPOVİÇ VƏTƏNİNƏ GƏLMİŞDİR
Görkəmli musiqiçi, həmyerlimiz Mstislav Rostropoviç fevralın 28-də Bakıya gəlmişdir. Binə hava limanında dahi violonçel çalanı Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət naziri Polad Bülbüloğlu, Rusiya Federasiyasının Bakıdakı səfiri Nikolay Ryabov qarşıladılar.
Mstislav Rostropoviç jurnalistlərin suallarına cavab verərək bildirdi ki, vətəninə gəlməyinə şaddır və bu anı səbirsizliklə gözləyirdi. O dedi: “Ötən səfərlərimdə Üzeyir Hacıbəyov adına Azərbaycan dövlət simfonik orkestri ilə məşq etmişəm, orada çox yaxşı musiqiçilər toplaşıblar. Lakin onların alətləri o qədər də yaxşı deyildir. Mən “Yamaha” firmasına müraciət etdim ki, onlar bu kollektivin müasir musiqi alətləri ilə təchiz olunmasına kömək etsinlər”. Mstislav Rostropoviç bildirdi ki, firma dövlət simfonik orkestri üçün tam alətlər dəsti göndərmişdir.
Maestro vurğuladı ki, onun fondu Qlobal vaksinasiya fondu ilə birlikdə Azərbaycanda uşaqlarda hepatitə qarşı peyvənd kampaniyası həyata keçirəcəkdir.
X X X
RESPUBLİKA SARAYI QARŞISINDA ŞƏNLİK
Fevralın 28-də Respublika Sarayı qarşısındakı bağda dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin Bakıya gəlişinə həsr olunmuş şənlik keçirilmişdir.
Xüsusi olaraq quraşdırılmış səhnədə Salyan, Masallı, Qəbələ və digər rayonların özfəaliyyət kollektivləri çıxış etdilər. Azərbaycan Uşaq Filarmoniyasının solistləri görkəmli həmyerlimizə həsr olunmuş şerlər oxudular.
X X X
MUSİQİ ALƏTLƏRİNİN TƏQDİMATI
Elə həmin gün Respublika Sarayında Üzeyir Hacıbəyov adına Azərbaycan dövlət simfonik orkestri üçün Yaponiyanın “Yamaha” firmasının hazırladığı musiqi alətlərinin təntənəli təqdimat mərasimi olmuşdur.
Mərasimdə Azərbaycan Respublikasının mədəniyyət naziri Polad Bülbüloğlu çıxış etdi. Nazir dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçi salamlayaraq dedi ki, orkestrə təqdim olunan musiqi alətləri tanınmış həmyerlimizin köməyi ilə Yaponiya hökumətinin qrantı hesabına hazırlanmışdır. P.Bülbüloğlu bu qiymətli hədiyyəyə görə Azərbaycan hökuməti adından Yaponiya hökumətinə təşəkkür etdi, milli orkestr üçün musiqi alətləri əldə etməkdə göstərdiyi köməyə görə Mstislav Rostropoviçə dərin minnətdarlığını bildirdi.
Nazir dedi: Bu gün Azərbaycan Respublikasının Prezidenti çox hörmətli Heydər Əliyev vətənə qayıdır. Dövlətimizin başçısının Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinə necə böyük diqqət və qayğı göstərdiyi hər birimizə məlumdur. Ölkəmizin möhtərəm Prezidenti Heydər Əliyevin köməyi və qayğısı olmasaydı, bütün bunlar da olmazdı.
Sonra Yaponiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Toyoşi Motsuyama çıxış etdi. O, Yaponiyanın xarici işlər naziri Yoriko Kavaquçinin məktubunu oxudu. Məktubda deyilir ki, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin Yaponiyaya səfəri ölkələrimiz arasında əlaqələrin inkişafına yeni təkan vermişdir. Diplomat orkestrin kollektivinə yeni yaradıcılıq uğurları arzuladı.
Sonra dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçə söz verildi. O, bu qiymətli hədiyyəyə görə Yaponiya hökumətinə minnətdarlığını bildirərək dedi ki, indi milli orkestrimizin hər şeyi vardır. Maestro bunu da əlavə etdi ki, Yaponiya hökumətinin Azərbaycanın milli orkestrinə diqqəti xalqlarımız arasındakı möhkəm əlaqənin rəmzidir.
Mərasimdə respublikanın xalq artisti, Azərbaycan dövlət simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru Rauf Abdullayev də çıxış etdi.
Sonra musiqi alətləri orkestrə təqdim olundu. Azərbaycan musiqiçilərinin ifasında Üzeyir Hacıbəyovun “Koroğlu” operasından, Qara Qarayevin “Yeddi gözəl” baletindən və Fikrət Əmirovun “Azərbaycan kapriççio”sundan parçalar səsləndi.
Azərbaycan Prezidenti İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, Mstislav Rostropoviçin xanımı Qalina Vişnevskaya və dünya şöhrətli musiqiçinin ailə üzvləri təqdimat mərasimində iştirak edirdilər.
Foto: Namiq Məmmədovundur