SİYASƏT
GUÖAM VƏ ABŞ GÖMRÜKÇÜLƏRİ SƏRHƏD NƏZARƏTİ PROBLEMLƏRİNİ MÜZAKİRƏ ETMİŞLƏR
AZƏRTAC-ın İTAR-TASS-dan aldığı xəbərə görə, GUÖAM-ın üzvü olan ölkələrin - Gürcüstan, Ukrayna, Özbəkistan, Azərbaycan və Moldovanın gömrük idarələrinin rəhbərləri və ABŞ-ın nümayəndə heyəti fevralın 11-də Ukraynanın Xarici İşlər Nazirliyində sərhəd nəzarəti problemlərini müzakirə etmişlər.
Görüşdə, həmçinin, ticarətə və yüklərin nəqlinə yardım göstərilməsi, sərhəd və gömrük nəzarətinin təmin edilməsinə, terrorizmlə, cinayətkarlıq və narkotiklərin yayılması ilə mübarizəyə dair GUÖAM-ın proqramlarının əməli surətdə həyata keçirilməsi məsələləri müzakirə olunmuş, gömrük xidmətləri arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində tədbirlər razılaşdırılmışdır.
Görüş iştirakçıları əsas diqqəti gömrük qanunvericiliyi və prosedurlarının təkmilləşdirilməsinə, gömrük və sərhəd nəzarətinin səmərəliliyinin yüksəldilməsinə yönəltmişlər.
Görüşün nəticələrinə əsasən protokol imzalanmışdır.