Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

GÜRCÜSTANIN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB EDUARD ŞEVARDNADZEYƏ

Əziz Eduard Amvrosiyeviç, 

Sizi, görkəmli dövlət xadimini əlamətdar yubileyiniz – anadan olmağınızın 75 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz tarixin ən keşməkeşli dövründə Gürcüstana başçılıq edərək, ardıcıl və uzaqgörən siyasətinizlə ölkənizi dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik dəyişikliklərin həyata keçirilməsi, dünya birliyinə inteqrasiya yolu ilə inamla irəli aparırsınız.

Siz yenilməz siyasi iradənizlə, qərarların qəbul edilməsində və həyata keçirilməsində əməkdaşlığınız və qətiyyətinizlə böyük nüfuz və hörmət qazanmısınız.

Tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış ölkələrimizin əməkdaşlığı son dərəcə böyük əhəmiyyət daşıyır, regionumuzda sülhün və sabitliyin bərqərar olmasına səmərəli təsir göstərir. Bu gün müstəqil Azərbaycan ilə Gürcüstan arasında dövlətlərarası münasibətlər keyfiyyətcə yeni xarakter almışdır. Qarşılıqlı münasibətlərimizin inkişaf etdirilməsində və möhkəmləndirilməsində Sizin xidmətləriniz böyükdür.

Ölkələrimiz və xalqlarımız, bütün Qafqaz regionu üçün taleyüklü əhəmiyyəti olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi, tarixi Böyük İpək Yolunun bərpası kimi transmilli layihələrin gerçəkləşməsində rolunuz mühümdür.

Əziz Eduard Amvrosiyeviç,

Uzun illər boyu bizi dostluq və sıx əməkdaşlıq birləşdirmişdir. Qarşılıqlı hörmətə, etimada və səmimiyyətə əsaslanan şəxsi münasibətlərimizi uca tuturam.

Sizə möhkəm cansağlığı, qardaş Gürcüstanın çiçəklənməsi naminə dövləti fəaliyyətinizdə uğurlar diləyir, ailənizə xoşbəxtlik və səadət arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 yanvar 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin