DÜNYA
GÜRCÜSTAN MÜDAFİƏ NAZİRİNİN FİKRİNCƏ, ORDU MÜHARİBƏYƏ HAZIR OLMALIDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanın mərkəzi hakimiyyəti ilə Sxinvali bölgəsi arasında vəziyyət gərgin olaraq qalır. Tərəflərdən hər biri münaqişənin sülh yolu ilə tənzimlənməsinə tərəfdar olduqlarını bildirsə də, digər variantları da istisna etmirlər. Gürcüstanın müdafiə naziri Georgi Baramidzə Sxinvalidəki son hadisələri belə şərh etmişdir: “Dövlət Sxinvali bölgəsində baş verən proseslərlə bağlı bütün vasitələrdən istifadə edir. Təhlükəzlik və Daxili İşlər nazirlikləri bu işə cəlb olunmuşlar. Bu problemin həllinə, Allah eləməsin ki, Müdafiə Nazirliyinin qarışması zərurəti meydana çıxsın. Məhz ona görə ki, biz sülh istəyirik, məsələnin dinc yolla tənzimlənməsini arzulayırıq. Ancaq biz müharibə və hər hansı mürəkkəb vəziyyət üçün də hazır olmalıyıq. Bu, ölkə prezidentinin qarşımızda qoyduğu başlıca vəzifədir. Ordu onun üçün mövcuddur ki, bütün məqamlarda üzərinə düşən öhdəliyi yerinə yetirsin”.