DÜNYA
“Gazprom” bu il üç təbii qaz layihəsini maliyyələşdirəcək
Bakı, 12 yanvar, Nihad Budaqov, AZƏRTAC
Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti bu il ərzində Rusiya təbii qazının Türkiyəyə nəqlini nəzərdə tutan “Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsi daxil olmaqla ümumilikdə üç təbii qaz layihəsini maliyyələşdirəcək.
AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bu barədə “Gazprom”un idarə heyətinin sədri Viktor Zubkov deyib.
V.Zubkov 2017-ci ildə “Türk axını”, “Şimal axını 2” (“Nord Stream 2”) və “Sibirin Gücü” (“Power of Siberia”) qaz boru kəməri layihələrinin özlərinə düşən hissəsinin “Gazprom” tərəfindən maliyyələşdiriləcəyini bildirib.
Üç layihənin də yüksək dəyərə malik olduğunu bildirən V.Zubkov deyib: “Bunun üçün də idarə heyəti olaraq maliyyələşdirmə mexanizmi ilə bağlı işi davam etdiririk”.
“Gazprom” “Türk axını” qaz boru kəməri layihəsi üzrə keçən il 23,5 milyard rubl sərmayə qoyuluşu həyata keçirib.
Qeyd edək ki, “Türk axını” ilə Rusiya təbii qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə ümumilikdə 31,5 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə ediləcək. Layihə üzrə iki boru kəmərinin tikilməsi planlaşdırılır.
“Şimal axını 2” qaz boru kəməri ilə Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql ediləcəyi nəzərdə tutulur.
“Sibirin gücü” qaz boru kəməri Rusiyanın Sibirdəki Yakutsk və İrkutsk qaz istehsalı sahələrində hasil edilən qazı Şərqi Asiyaya və Çinə nəql edəcək. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 61 milyard kubmetr təşkil edəcək və kəmərin uzunluğu 3 min 968 kilometr olacaq. Layihənin dəyəri isə 21,3 milyard dollardır.