İQTİSADİYYAT
Gələn ay Texniki Universitetin nəzdində Startap və Texnologiya Transferi Mərkəzi yaradılacaq
Bakı, 24 sentyabr, Pərvanə Rəhimova, AZƏRTAC
Oktyabrın sonunadək Azərbaycan Texniki Universitetinin (ATU) nəzdində Startap və Texnologiya Transferi Mərkəzi yaradılacaq.
İnnovasiyalar Agentliyindən AZƏRTAC-a bildirilib ki, universitetin rektoru Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti agentliyinin fəaliyyəti ilə tanış olub. Görüşdə İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli qonaqlara agentliyin fəaliyyəti, reallaşdırılan layihələr və beynəlxalq əməkdaşlıq haqqında məlumat verib.
ATU-nun rektoru V.Vəliyev tədris ocağında aparılan struktur və instutsional dəyişikliklərdən, təhsilin daha innovativ yollarla tədrisi üçün görülən işlərdən danışıb.
İnnovasiyalar Agentliyi və Texniki Universitetin rəhbərliyi cari il oktyabrın sonunadək universitetin nəzdində Startap və Texnologiya Transferi Mərkəzinin yaradılması barədə qərar qəbul ediblər. Bu mərkəzin nəzdində fəaliyyət göstərən startaplar İnnovasiyalar Agentliyi tərəfindən dəstəklənəcək və Akselerasiya Proqramına qoşulacaq. Mərkəzdə müxtəlif dövlət qurumlarının biznes proseslərində iştirakının optimallaşdırılması üçün birgə tədbirlər hazırlanacaq. İnnovasiyalar Agentliyi ATU laboratoriyalarının kommersiyalaşdırılması və elmi potensialın artırılmasına da yardım göstərəcək.