İQTİSADİYYAT


Azərbaycanda inşa olunan ilk tanker tikintisinin növbəti mərhələsi üçün suya buraxılıb YENİLƏNİB

Bakı, 21 fevral, Elvin Camalov, AZƏRTAC

Azərbaycanda inşa edilən ilk tanker tikintisinin növbəti mərhələsi üçün suya buraxılıb.

AZƏRTAC xəbər verir ki, gəminin suya salınması mərasimində iqtisadiyyat naziri Şahin Mustafayev, Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC-nin sədri Rauf Vəliyev, SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov və “Bakı Gəmiqayırma Zavodu” MMC-nin baş meneceri İmanverdi Həsənov iştirak edib. Mərasiminə Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri də qatılıb.

Mərasim çərçivəsində ASCO-nun sədri Rauf Vəliyev və “Bakı Gəmiqayırma Zavodu” MMC-nin baş meneceri İmanverdi Həsənov tələbələri Bakı Gəmiqayırma Zavodunun fəaliyyəti, burada tikilən yeni gəmilərlə yaxından tanış ediblər. Bildirilib ki, müasir gəmilərin inşası dənizçilərimiz üçün yeni iş yerlərinin açılması baxımından da önəmlidir. Məhz təhsilində fərqlənən tələbələrin gələcəkdə həm zavodda, həm də gəmilərdə işləmək imkanlarının olduğu qeyd edilib.

ASCO-nun sifarişi əsasında inşa olunan “Laçın” neftdaşıyan tankerinin gövdə hissəsinin tikintisi 100 faiz tamamlanıb. Bu, 860 min xəsarətsiz iş saatı deməkdir. Qalan tikinti və quraşdırma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə “Laçın” tankeri zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə suya salınıb. Gəminin inşası tam başa çatdırıldıqdan sonra dəniz-istismar sınaqlarına başlanacaq. Bütövlükdə “Laçın” tankerinin 2019-cu ilin iyununda təhvili planlaşdırılır.

Bu tip yeni nəsil tankerlərin uzunluğu 141 metr, eni 16,9 metr, hündürlüyü isə 6 metrdir. Dedveyti dənizdə 7,875 T və çayda 5,447 T olan tankerlər iki ədəd hər biri 1,200 kW gücə malik “Wartsila” istehsalı mühərriklərlə təchiz edilib. 11 nəfərlik heyətlə idarə olunan bu gəmilər 10 uzellə hərəkət edir. Tankerlərin hər biri xam neft və neft məhsullarının daşınması üçün ümumi tutumu 9212 kubmetr olan 6 yük tankına malikdir. Unikallığı ilə seçilən bu üzən vasitələrin layihəsini Odessa Dəniz Mühəndisliyi Bürosu hazırlayıb.

Sonda isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə “Bakı Gəmiqayırma Zavodu” MMC arasında eyni tipli daha iki tankerin tikintisi üçün yeni müqavilə imzalanıb.

Qeyd edək ki, Bakı Gəmiqayırma Zavodunda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC üçün iki RST12C tipli yeni nəsil tanker, iki unikal “Ro-Pax” tipli (CNF- 18C) gəmi-bərə tikilir. İnşası qrafikə uyğun davam etdirilən bu gəmilər növbə ilə 2020-ci ilin sonuna kimi təhvil veriləcək. ASCO tərəfindən son 5 ildə 20 müxtəlif təyinatlı gəmi alınaraq istismara verilib. Gəmiçiliyin donanmasının yenilənməsi planı çərçivəsində növbəti 10 ildə 70–dən çox gəminin alınması və Bakı Gəmiqayırma Zavodunda tikintisi planlaşdırılır. Bura tanker, quru yük, bərə, kran, sərnişin, dalğıc, təchizat-yedək, yedək, yanğınsöndürən, torpaqqazan, dibdərinləşdirən gəmilər daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.