REGİONLAR


Gəncə Dövlət Universitetində ingilis dili üzrə təlimlər keçiriləcək

Gəncə, 5 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki səfirliyinin nümayəndə heyəti Gəncə Dövlət Universitetində olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti ilə görüşdə universitetin rektoru, professor Yusif Yusibov 10 minə qədər tələbəsi olan GDU-nun fəaliyyəti, onun beynəlxalq əlaqələri, ikili diplom və mübadilə proqramları haqqında məlumat verib. Rektor bildirib ki, universitet Türkiyə, Fransa, MDB məkanında fəaliyyət göstərən ali təhsil ocaqları ilə uğurlu əməkdaşlıq edir. Son illər Tempus və “Erasmus+” proqramı uğurla icra olunub.

Görüşdə universitetdə aparılan islahatlar, ingilis dilində tədris olunan ixtisasların sayının artırılması istiqamətində görülən işlər qeyd edilib. Bildirilib ki, universitetdə tərcümə mərkəzi fəaliyyət göstərir, yeni tədris ilindən etibarən kimya-biologiya müəllimliyi ixtisası üzrə tədris ingilis dilində aparılır.

ABŞ-ın ölkəmizdəki səfirinin mədəniyyət və təhsil müşaviri Salman Haji təhsil sahəsində mövcud proqramlar barədə danışıb. “English language fellow” proqramı haqqında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, ABŞ səfirliyinin təşəbbüsü ilə reallaşan layihə çərçivəsində 10 ay ərzində Gəncə Dövlət Universitetinə mütəxəssislər cəlb ediləcək, ingilis dili üzrə təlimlər keçiriləcək. 2023-2024-cü tədris ilində həyata keçiriləcək proqramın məqsədi GDU-da təhsil alan tələbələrin, professor-müəllim heyətinin ingilis dili biliklərinin daha da inkişaf etdirilməsidir.

Səfirliyin nümayəndə heyəti Gəncə Dövlət Universitetinin tədris binasında olan muzey və mərkəzlərlə yaxından tanış olduqdan sonra xarici dillər fakültəsinin tələbə və müəllimləri ilə görüşüb. Görüşdə Amerika-Azərbaycan əlaqələri, təhsil sahəsində həyata keçirilən proqram və Gəncə Amerika Mərkəzi haqqında məlumat verilib. Regional ingilis dili proqramının rəhbəri Lotti Bacer qeyd edib ki, tələbələr üçün Amerikada hər il təhsil almaq imkanı yaradılıb. GDU-nun tələbələrinin də bu imkandan istifadə edə bilməsi üçün görülən işlər barədə ətraflı məlumat verilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.