CƏMİYYƏT
Gəncə Regional Mərkəzi Gədəbəydə ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış məşqi keçirib
Bakı, 6 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi Gədəbəy rayonunda ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə məşq keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, məşqə müvafiq idarə və təşkilatlarda yaradılmış ərazi mülki müdafiə qüvvələri, Qaz-qəza texniki qrupu, Enerji-qəza texniki qrupu, Su-qəza texniki qrupu, Rabitə qəza-bərpa dəstəsi, rayon səhiyyə şöbəsinin həkim və təcili yardım maşınları, Baytarlıq idarəsinin epidemioloji kəşfiyyat qrupu, ərazi xilasetmə dəstəsi və ərazi kəşfiyyat dəstələrinin şəxsi heyəti və texnikalar cəlb olunub.
Tədbirdə çıxış edən Gəncə Regional Mərkəzinin rəisi, polkovnik-leytenant Asif Məmmədli qeyd edib ki, ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə müdafiə məşqinin keçirilməsi əhalinin mülki müdafiə hazırlığının yüksək səviyyədə olmasına təminat verir. Məşqin keçirilməsində əsas məqsəd fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə əməl olunmasının, rabitə və xəbərdarlıq sisteminin vəziyyətinin, fövqəladə hadisələr təhlükəsi yaranan və ya baş verən zaman mülki müdafiə qüvvələrinin xəbərdarlığı və toplanışı üzrə hazırlığının yoxlanılmasıdır.
Məşqin gedişinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin tərəfindən baxış keçirilib, müvafiq tövsiyələr verilib.