REGİONLAR
Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə sahibkarlar da qoşulublar
Gəncə, 8 aprel, Rauf Hacıyev, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq, yaşı 65-dən yuxarı olan vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq Gəncədə tənha yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə yardımlar davam edir.
Gəncə Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovun təşəbbüsü ilə həyata keçirilən aksiyaya iş adamları və sahibkarlar da qoşulublar. İş adamı Zəfər Məmmədov tənha yaşayan ahıl vətəndaşların evlərinə və aztəminatlı ailələrə baş çəkib. Aksiya çərçivəsində sözügedən şəxslərə ərzaq yardımı edilib, onlarla profilaktik söhbətlər aparılıb. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydaları bir daha xatırladılıb, bu qaydalara əməl olunmasının vacibliyi diqqətə çatdırılıb. Həmçinin o da bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyətində Koronavirusa qarşı Mübarizə Qərargahı fəaliyyət göstərir. Ehtiyac yarandığı halda qərargahın qaynar xətti ilə əlaqə saxlamaq mümkündür.
Qeyd edilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən, ümumilikdə, 100-dən artıq aztəminatlı ailəyə, o cümlədən yaşı 65-dən yuxarı olan tənha ahıl vətəndaşa ərzaq yardımı edilib.