REGİONLAR
Gəncədə mini futbol turniri təşkil edilib
Gəncə, 31 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Yeni il ərəfəsində Gəncə şəhəri və ətraf rayonların idmansevər gəncləri Gəncəbasar bölgəsində mini futbol idmanın inkişafı üçün öz təşəbbüsləri ilə turnir təşkil ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gənc Malik Balayevin təşəbbüsü ilə Gəncə və ətraf rayonlardan olan, müxtəlif idarə, təşkilat və müəssisələrdə çalışan 200-ə yaxın idman həvəskarı mini futbol turnirinə qoşulub.
Gənclərin bu təşəbbüsünə “Kəpəz” Peşəkar Futbol Klubunun veteran futbolçuları da dəstək olublar. Gənclər 17 komandada birləşiblər. Turnirin püşkatması dekabrın əvvəlində həyata keçirilib. Oyunlara milli dərəcəli hakim Məhəmməd Məmmədov və “A” kateqoriyalı hakim İbrahim Hüseynov hakimlik edib. Turnirin bütün oyunları Göygöl Olimpiya İdman Kompleksində keçirilib. Komandalar arasındakı mübarizədə “Yeni Gəncə komandası” 3-cü yerə, “Accessbank” komandası isə 2-ci yerə çıxıb. Bütün rəqiblərini məğlub edən “Uraqan” komandası həvəskar gənclərin təşkil etdiyi mini futbol turnirinin qalibi olub.