REGİONLAR
Gəncədə xalça fabrikinin fəaliyyəti bərpa olunacaq
Gəncə, 27 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Gələn il Gəncədə bir sıra yeni istehsal müəssisələri fəaliyyətə başlayacaq, bəzilərinin isə təməli qoyulacaq. Həmçinin vaxtilə müxtəlif çeşnilər əsasında toxunan süjetsiz və portret xalçaları ilə Sovet İttifaqında, eləcə də digər ölkələrdə geniş şöhrət qazanan xalça fabrikinin fəaliyyətinin bərpası istiqamətində işlərə başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev “Süni Mərmər və Qranit İstehsalı” zavodunun təməlqoyma mərasimində məlumat verib.
İcra hakimiyyətinin başçısı qeyd edib ki, son illər ölkəmizdə istər kənd təsərrüfatı, istərsə də sənayedə ənənəvi sahələrin inkişaf etdirilməsinə diqqət artırılıb. Bu baxımdan Gəncədə qədim və zəngin tarixə malik xalçaçılıq sənətinin dirçəldilməsinə böyük ehtiyac var.
Gəncədə xalçaların sənaye üsulu ilə toxunması sahəsində böyük təcrübənin olduğunu deyən Elmar Vəliyev vurğulayıb ki, şəhərdə ixtisaslı kadrların, təcrübəli işçi qüvvəsinin, ətraf rayonlarda isə xammal ehtiyatının bolluğu Gəncə-Qazax qrupu üzrə xalça və xalça məhsulları istehsal edən müəssisənin fəaliyyətini zəruri edir.