REGİONLAR
Gəncədə yüksək nəticə göstərən məzunlarla görüş keçirilib
Gəncə, 18 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətində ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib.
Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavinləri Adil Tağıyev, Kamran Məhərrəmov, deputatlar Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov və məzunlar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə yeni növ koronavirus (COVID-19) pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, 2020/2021-ci tədris ilində Gəncə şəhərinin tam orta ümumtəhsil məktəblərindən ali məktəblərə qəbul olmaq üçün sənəd vermiş məzunların arasından 17 nəfərin 650-dən yuxarı bal topladığı qeyd olunub. Gəncə üzrə ən yüksək nəticəni isə 690 balla 14 nömrəli tam orta məktəbin məzunu Billurə Qəbədova göstərib.
İştirakçılar tələbə adını qazanan məzunları təbrik edib, onlara Vətənə, cəmiyyətə layiqli övlad olmalarını diləyiblər.
Tələbələr isə öz növbələrində göstərilən diqqətə və təbriklərə görə təşəkkürlərini bildirib, seçdikləri sahələr üzrə savadlı və ixtisaslı mütəxəssis olmaq üçün var gücləri ilə çalışacaqlarına söz veriblər.
Görüşdə məzunların müraciətləri və onları narahat edən məsələlər də dinlənilib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.
Sonda tələbə adı qazanan gənclərə hədiyyələr təqdim olunub.