REGİONLAR
Gəncənin küçə işıqlandırılması ilə bağlı yeni layihənin icrasına başlanılıb
Gəncə, 22 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncədə abadlıq-quruculuq işləri davam edir. Qədim tarixə malik şəhərin gözoxşayan məkanlarında, küçə və prospektlərində, o cümlədən qəsəbələrində görülən tədbirlərin əsas məqsədi sakinlərin və şəhərə gələn qonaqların rahatlığını təmin etməkdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görülən abadlıq-quruculuq işləri çərçivəsində Gəncənin işıqlandırılmasına da diqqət göstərilir. Belə ki, Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanın 7 şəhər və rayonunda, o cümlədən Gəncədə küçə işıqlandırılması ilə bağlı yeni layihə həyata keçirilir. İşlərə bu ayın əvvəlindən başlanılıb.
Hazırda Gəncənin Cavad xan və Məhsəti qəsəbələrində, Gülüstan yaşayış massivində, Qarabağ, X.Rəfibəyli, Aşıq Ələsgər və digər küçələrində qazıntı işləri yekunlaşmaq üzrədir. Oktyabr ayından isə işıq dirəkləri basdırılacaq.
Layihə çərçivəsində ümumi uzunluğu 245 kilometr olan 400-dən artıq küçədə 8000 yeni işıq dirəyi quraşdırılacaq. Layihənin yekununda şəhərin müxtəlif əraziləri “Fillips” şirkətinin müasir plafonları və led lampaları ilə işıqlandırılacaq.
Qeyd edək ki, sözügedən layihənin icrasını Bakı Abadlıq Xidməti ilə birgə Gəncə Şəhər İcra Hakimiyyəti həyata keçirir. Layihənin icrası çərçivəsində görülən işlərə 200-dək yerli sakin cəlb olunub.