REGİONLAR
Gənclər Fonduna beş ildə 7098 layihə daxil olub VİDEO
Gəncə, 23 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunmuş tədbirlər davam edir. Növbəti tədbir dekabrın 23-də Gəncə şəhərində keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhər rəhbərliyi, Gənclər Fondunun rəsmiləri, həmçinin Daşkəsən, Tərtər, Goranboy, Göyçay, Ağsu, Göygöl, Samux, Mingəçevir, Ağdam, Yevlax və Zərdab rayonlarının gənclər və idman idarələrinin nümayəndələri və gənclər iştirak ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclər Fondu da bu siyasətin bir istiqaməti olaraq, öz işləri ilə adından söz etdirməyi bacarıb. Elmar Vəliyev Gənclər Fonduna 2016-cı il Avropa Gənclər Paytaxtı elan olunan Gəncə şəhərində keçirilən tədbirlərdə fəal iştirakına və dəstəyinə görə təşəkkürünü bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışaraq qeyd edib ki, Gənclər Fondu Prezident İlham Əliyevin 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə yaradılıb. Fəaliyyətinin 5 ilində Gənclər Fonduna 7098 layihə daxil olub, onlardan 3341-i dəstəklənib.
Milli Məclisin deputatı Naqif Həmzəyev və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov çıxış edərək Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihələr haqqında məlumat verib, gənclərə göstərilən diqqət və qayğıdan söz açıblar.
Daha sonra Gənclər Fondunun elan etdiyi qrant müsabiqələrində layihə qalibi olmuş “Gələcəyə Körpü” Gənclər Təşkilatının sədri Seymur Vəliyev və Turan Məmmədzadə Gənclər Fonduna minnətdarlıqlarını bildirib, gəncləri Fonda layihə göndərməyə çağırıblar.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının inzibati binasında Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin ifasında konsert proqramı təşkil olunub.