CƏMİYYƏT
“Gənclər və ünsiyyət” silsilə onlayn görüşləri çərçivəsində “Sahibkarlıqda liderlik” adlı vebinar keçirilib
Bakı, 22 may, AZƏRTAC
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Gənclər və ünsiyyət” silsilə onlayn görüşləri çərçivəsində “Sahibkarlıqda liderlik” adlı vebinar keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, vebinarda fəal gənclər onlayn şəkildə iştirak ediblər. Görüşün məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası, könüllülük fəaliyyətini gənclər arasında təbliği, ideya təklifləri və uğurlu sahibkarlıq fəaliyyəti olan gənclərin və sahibkarların mövcud dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan gənc sahibkarlara fəaliyyətlərinin genişləndirilməsi üçün imkanların yaradılması, könüllü fəaliyyətlərə həvəsləndirməsi, karantin rejimi müddətində evdə qalan gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi, onları maraqlandıran sualların cavablandırılması olub.
Görüşdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Kooperasiya Universitetinin mətbuat və ictimai xidmətinin rəhbəri Tamerlan Əkbərov, Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri, “Gənc Sahibkarlar Klubun”nun əlaqələndiricisi Anar Sarıyev vebinar iştirakçılarına biznes və sahibkarlıq qanunları, bu sahənin sirləri, biznesin idarə olunması, ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf və digər mühüm sahələr məsələlər gənclərin maarifləndirilməsi istiqamətində çıxışlar ediblər.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.