CƏMİYYƏT
Gənclik İnkişaf Forumu gənclərin intellektual və sosial inkişafında önəmli rol oynayır
Bakı, 13 dekabr, AZƏRTAC
“Miqrasiya Könüllüsü” İctimai Birliyinin təsis etdiyi Gənclərin İnkişaf Forumunun dördüncü toplanışı uğurla başa çatıb. Toplanış çərçivəsində gənclərlə növbəti görüşə Dünya Bankının Strateji Təşəbbüslər Bölməsinin rəhbəri Samir Süleymanov gəlib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov forumun gənclərin intellektual və sosial inkişafında önəmli olduğunu, bu uğurlu layihənin getdikcə daha geniş vüsət aldığını diqqətə çatdırıb.
Tədbirdə miqrasiya könüllülərinin fəaliyyətini əks etdirən təqdimat nümayiş olunub.
Sonra S.Süleymanov Dünya Bankının tarixi, fəaliyyət istiqamətləri, iş prinsipi barədə gənclərə məlumat verib. “Uğur formulu” mövzusunda çıxış edən S.Süleymanov təhsilin, sosial fəaliyyətin və ilk iş təcrübəsinin əhəmiyyətini vurğulayıb. O, bütün gənclərə hər bir sahədə məqsədyönlü və məsuliyyətli olmağı, əzmlə çalışmağı tövsiyə edib. Gənclərin çoxsaylı suallarını cavablandıran S.Süleymanov miqrasiya könüllülərinin qısa müddətdə keçdiyi yolu, reallaşdırdığı layihələri yüksək qiymətləndirib.