ELM VƏ TƏHSİL
“Gənclik” mahnı və rəqs ansamblı İspaniyada beynəlxalq festivalda iştirak edir
Bakı, 13 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Gənclik” mahnı və rəqs ansamblı Folklor Festival və İncəsənət Təşkilatlarının Beynəlxalq Şurasının (CİOFF) təşkilatçılığı ilə İspaniyada keçirilən festivalda 24 nəfərlik nümayəndə heyəti ilə iştirak edir.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, bununla yanaşı, “Gənclik” mahnı və rəqs ansamblı İspaniyanın Lorka, Sevilya və Borka şəhərlərində və digər bölgələrində konsert proqramı ilə çıxış edib. Festivala İspaniyanın iki yerli ansamblı ilə bərabər, Meksika, Keniya, Seneqaldan nümayəndələr də qatılıblar.
Qeyd edək ki, ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblı 1965-ci ildə fəaliyyətə başlayıb. Ansamblın bədii rəhbəri, Əməkdar Artist Sənan Hüseynovdur. Son 7 ildə ansambl Təhsil, Gənclər və İdman nazirliklərinin təşkil etdikləri müsabiqə və festivallarda diqqətəlayiq uğurlar qazanıb.