SİYASƏT
Georgi Tsereteli: Azərbaycan ATƏT üçün ən dəyərli ölkələrdən biridir VİDEO
Bakı, 12 mart, AZƏRTAC
Martın 12-də Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) daimi nümayəndə heyətinin üzvləri qurumun ölkəmizdə səfərdə olan sədri Georgi Tseretelinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri Bahar Muradova ATƏT-Azərbaycan əməkdaşlığından ətraflı söhbət açıb. Qeyd olunub ki, ölkəmiz ATƏT-in bərabərhüquqlu üzvü olmaqla yanaşı, təşkilatın dəyərlərinin fəal təbliğatçısıdır. Son zamanlar ATƏT çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan nümayəndə heyətinin təklifləri böyük diqqətlə dinlənilir. Bahar Muradova buna görə təşkilat rəhbərliyinə minnətdarlığını ifadə edib. Ümumi hədəflərə nail olmaq üçün qurumla əməkdaşlığın dərinləşdirilməsinin faydalı olduğu diqqətə çatdırılıb.
Sonra vitse-spiker aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıqlarla bağlı məlumat verib. O, şəffaf, ədalətli və demokratik seçkilərin keçirilməsi üçün ölkədə hər cür şəraitin yaradıldığını bildirib, ATƏT-in müşahidəçi missiyasının seçkiləri izləyəcəyindən məmnunluq duyduğunu deyib.
ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli səmimi görüş və qonaqpərvərlik üçün minnətdarlığını bildirib. Qonaq gürcü xalqının nümayəndəsi kimi Bakıda hər zaman özünü öz evindəki kimi hiss etdiyini xüsusi fərəh hissi ilə bildirib. Bu dəfə ölkəmizə ATƏT-in İpək Yoluna Dəstək Qrupunun Bakıda keçiriləcək “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentlərin rolu” mövzusunda konfransında iştirak etmək məqsədilə gəldiklərini deyib. O, Azərbaycanın ATƏT üçün ən dəyərli ölkələrdən biri olduğunu söyləyib və münasibətlərin uğurlu davamına təkan verməkdə, əməkdaşlığımızın daha da möhkəmlənməsində maraqlı olduqlarını vurğulayıb.
Söhbət zamanı qarşılıqlı əhəmiyyət kəsb edən bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.