İQTİSADİYYAT
Gömrük Komitəsi: qeyri-ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar təhvil verilib
Bakı, 9 yanvar, AZƏRTAC
Dövlət Gömrük Komitəsi tərəfindən Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə ümumilikdə dəyəri 7,6 milyon manatdan çox olan qeyri-ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar təhvil verilib.
Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, aksiya ötən ilin sentyabrın 28-dən etibarən Azərbaycan Respublikasının ərazisində hərbi vəziyyət və qismən səfərbərliyin elan edilməsi ilə əlaqədar hərbi qulluqçuların qeyri-ərzaq məhsullarına olan tələbatının ödənilməsi, habelə Hərbi vəziyyət haqqında Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələblərin icrasına töhfə verilməsi ilə bağlı həyata keçirilib.
Belə ki, gömrük orqanları tərəfindən ayrı-ayrı vaxtlarda hüquqpozma predmeti kimi götürülmüş 4 milyon 743 min 276.30 manat dəyərində qeyri-ərzaq məhsulları, eyni zamanda, müvafiq məhkəmə qərarlarının icrası məqsədilə 2 milyon 948 min 414 manat dəyərində müxtəlif adda dərman preparatları və tibbi ləvazimatlar gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin səlahiyyətli şəxslərinə təhvil verilib.
Proses Baş Prokurorluğunun əməkdaşlarının iştirakı ilə həyata keçirilib.