İQTİSADİYYAT
Gömrük Komitəsinin əməkdaşları canlı yayımda vətəndaşların suallarını cavablandırıb
Bakı, 6 mart, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin (DGK) “Facebook” sosial şəbəkəsindəki səhifəsində canlı yayımda vətəndaşların sualları cavablandırılıb. Bir saat davam edən canlı yayım zamanı 120-dən çox vətəndaş müraciət ünvanlayıb.
Komitədən AZƏRTAC-a bildirilib ki, DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundovun moderatorluq etdiyi canlı yayımda Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsi Ticarətin Asanlaşdırılması İdarəsinin rəisi Ceyhun Nəcəfli və Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi sərnişin dəhlizlərinin idarə olunması şöbəsinin rəisi Vasif Qurbanov sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırıblar.
Canlı yayımda “Yaşıl dəhliz” buraxılış sistemi və “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na dair Nazirlər Kabinetinin Qərarı ilə bağlı məlumat verilib, vətəndaşları bu sahədə maraqlandıran suallar ətraflı cavablandırılıb. Cavablandırılması üçün xüsusi araşdırma və vaxt tələb olunan suallara isə canlı yayımdan sonra müraciət edənlərin şəxsi mesaj qutularına göndərilən açıqlamalar vasitəsilə aydınlıq gətiriləcək.
Vətəndaşları maraqlandıran sualların operativ şəkildə cavablandırılması məqsədilə DGK-nın “Facebook” sosial şəbəkəsindəki səhifəsində müxtəlif mövzularla bağlı mütəmadi olaraq canlı yayımlar təşkil ediləcək.