CƏMİYYƏT


Gömrükçülər narkotik vasitələr və psixotrop maddələrin realizə edilməsinin qarşısını alıblar

Bakı, 12 may, AZƏRTAC

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitə - “metadon”un realizə olunacağı barədə əməliyyat məlumatı daxil olub.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, həmin məlumata əsasən Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə yaradılan əməliyyat qrupu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində əməliyyat keçirib. Azərbaycan vətəndaşı Aslanov Qabil Əhməd oğlu üzərində olan bağlamadakı külli miqdarda narkotik vasitəni - 200 ədəd “metadon” həbini şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb və həmin narkotik vasitə aşkarlanıb. Davam etdirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində külli miqdarda “metadon”u Qabil Aslanova təhvil verən şəxslərin - Mirzəli Rza Yavər oğlunun və Rəsulova Əfsanə Əlimirzə qızının yaşadıqları Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən fərdi yaşayış evindən və istifadələrində olan minik nəqliyyat vasitəsindən, eləcə qrupun digər üzvü İsmayılzadə Pərvin Çərkəz oğlunun idarə etdiyi minik nəqliyyat vasitəsindən satış məqsədilə Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən, ümumilikdə külli miqdarda narkotik vasitələr - 760 “metadon” həbi, 104,649 qram tiryək və psixotrop maddə - 68,175 qram “metamfetamin” aşkarlanaraq götürülüb.

Başlanmış cinayət işi üzrə Aslanov Qabil Əhməd oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.4.1 və 234.4.3-cü maddələri, Mirzəli Rza Yavər oğlu, Rəsulova Əfsanə Əlimirzə qızı və İsmayılzadə Pərvin Çərkəz oğlu isə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə qeyd edilən şəxslərin hər birinin barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, “metamfetamin” adlı preparat “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı”na, tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələtin I Siyahısı”na, “metadon” isə Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.