İQTİSADİYYAT


Gömrükçülər üçün “Strateji ticarət və ixrac üzrə nəzarət” mövzusunda təlim keçirilir

Bakı, 23 may, AZƏRTAC

Mayın 23-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Avropa Regional Ofisində “Strateji ticarət və ixrac üzrə nəzarət” mövzusunda təlim başlayıb.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbir BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi və ÜGT-nin birgə layihəsi olan “Qlobal Konteyner Daşımalarına Nəzarət Proqramı” çərçivəsində təşkil olunub. Təlimdə DGK-nın aidiyyəti qurumlarının əməkdaşları iştirak edir.

Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı son illər Azərbaycanda qaçaqmalçılığa qarşı mübarizə sahəsində əldə edilən nailiyyətlər və “Qlobal Konteyner Daşımalarına Nəzarət Proqramı” barədə söhbət açıb.

Təlimin əhəmiyyətinə toxunan Güloğlan Muradlı kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması ilə bağlı hər bir gömrükçünün dərin biliyə malik olmasının vacibliyini vurğulayıb. Qeyd edilib ki, ölkədə kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması məqsədilə hüquqi baza mövcuddur, bu istiqamətdə gömrük orqanları da öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirirlər.

Təşkilatçılığa görə “Qlobal Konteyner Daşımalarına Nəzarət Proqramı”nın Qara Dəniz və Qafqaz zonası üzrə nümayəndələrinə təşəkkür edən Baş İdarə rəisinin birinci müavini tədbiri səmərəli əməkdaşlığın bariz nümunəsi kimi qiymətləndirib.

Layihənin rəhbəri Naidə Cəmilova “Strateji ticarət və ixrac üzrə nəzarət” mövzusunda təlimin ilk dəfə keçirilməsinə baxmayaraq, iştirakçılar üçün faydalı və məhsuldar olacağına ümid etdiyini bildirib. Layihə rəhbəri səmərəli və işgüzar əməkdaşlığa görə Dövlət Gömrük Komitəsinə və digər tərəfdaşlara təşəkkürünü ifadə edib. Sonra təlim başlayıb.

Təlimçilər - Oksana Nasarcuk və Adam Baceller müzakirə olunacaq mövzularla bağlı məlumat verib və qeyd ediblər ki, beşgünlük təlim zamanı öz təcrübələrini bölüşəcək, iştirakçıların yeni bilik və bacarıqlar qazanması üçün müxtəlif faydalı məlumatlar paylaşacaqlar.

Təlimdə əsasən sənaye, kimyəvi, bioloji və elektronika, eləcə də radioaktiv və nüvə avadanlıqları mövzularında müxtəlif təqdimatlar nümayiş etdiriləcək. Təqdimatlarda sözügedən avadanlıqların ixracı və ticarətinə nəzarət mexanizmləri ilə bağlı məlumatlar veriləcək.

İnteraktiv keçirilməsi nəzərdə tutulan təlimdə iştirakçılara materiallar paylanılacaq, onlara müxtəlif suallar veriləcək və ssenarilər yazılacaq, daha sonra həmin mövzular ətrafında fikir mübadiləsi aparılacaq. Nəzarətin prinsipləri, kütləvi qırğın silahlarına aid hissələrə gömrük orqanlarında nəzarətin daha da gücləndirilməsi, risk indikatorları, tətbiq edilən sanksiyalar, kimyəvi və zərərli maddələr, ticarət əməliyyatları zamanı müxtəlif vebsaytlarda axtarışların aparılması və məlumatların əldə edilməsi kimi mövzuların da müzakirə edilməsi nəzərdə tutulur.

Təlim mayın 27-dək davam edəcək.

Xatırladaq ki, indiyə qədər “Qlobal Konteyner Daşımalarına Nəzarət Proqramı” çərçivəsində bir çox təlim keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.