İQTİSADİYYAT
Görülən tədbirlər avtomobillərin optimal hərəkətinin təmin edilməsi üçün zəmin yaratmışdır
Bakı, 20 fevral (AZƏRTAC). Ötən il paytaxtın mərkəzi yol kəsişmələrində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən 149 kontroller (Nəqliyyatda Siqnala Nəzarət Sistemi) idarə olunmuşdur ki, bu da avtomobillərin optimal hərəkətinin təmin edilməsi üçün zəmin yaratmışdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri NİİM-in ötənilki fəaliyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında Mərkəzin baş direktoru Elnur Abdullayev demişdir.
Mərkəzi küçələrdə nəqliyyat sıxlığını aradan qaldırmaq üçün pik və qeyri-pik saatları nəzərə alınaraq işıqforların vaxt dövrünün NİİM tərəfindən tənzimləndiyini deyən E.Abdullayev bildirmişdir ki, görülmüş tədbirlər nəticəsində İzmir küçəsində ilin əvvəlində avtomobillərin orta sürəti 21 kilometr/saat, sayı 2 min 778 olduğu halda ilin sonunda avtomobillərin orta sürəti 52,5 kilometr/saat, sayı 8 min 230, Tbilisi prospektində ilin əvvəlində avtomobillərin orta sürəti 33 kilometr/saat, sayı 18 min 478 olduğu halda, ilin sonunda avtomobillərin orta sürəti 49,2 kilometr/saat, sayı 30 min 130 ədəd olmuşdur.
Bundan başqa, Bakıxanov küçəsində ilin əvvəlində avtomobillərin orta sürəti 22 kilometr/saat, sayı 22 min 225 ədəd olduğu halda, ilin sonunda avtomobillərin orta sürəti 43,5 kilometr/saat, sayı 35 min 944, Azadlıq prospektində ilin əvvəlində avtomobillərin orta sürəti 37 kilometr/saat, sayı 19 min 875 ədəd olduğu halda, ilin sonunda avtomobillərin orta sürəti 40 kilometr/saat, sayı 26 min 964 ədəd olmuşdur.