REGİONLAR
Göyçayda YAP rayon təşkilatının yaranmasının 26-cı ildönümü qeyd edilib
Göyçay, 9 mart, AZƏRTAC
Ötən əsrin əvvəllərində müstəqilliyini yenicə bərpa edən Azərbaycanda çox çətin və ağır günlər yaşanırdı. Belə bir vaxtda Azərbaycanın xilaskarı kimi xalqın səsinə səs verən ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası dövlət quruculuğunda, ölkənin inkişafında bütün təşkilatçılığı, səfərbəredici missiyanı öz üzərinə götürdü və bu çətin vəzifənin öhdəsindən şərəflə gəldi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sətirlər Göyçayda Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə keçirilən yığıncaqda səsləndirilib.
Tədbirdə iştirak edən rayon rəhbərliyi, Milli Məclisin deputatları, partiya fəalları əvvəlcə partiyanın yaradıcısı, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
YAP rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək, rayonun sosial-iqtisadi, ictimai-mədəni həyatında partiyanın rayon təşkilatının, onun fəallarının rolundan danışıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Şəmsəddin Hacıyev, Hadi Rəcəbli və Elman Nəsirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son vaxtlar həyata keçirilən sosialyönümlü layihələrdən, aparılan uğurlu islahatlardan söz açıblar.
Sonda bir qrup partiya fəallarına fəxri fərman verilib.
Həmin gün rayon rəhbərliyi və qonaqlar bayram yarmarkasında olub, yeni istifadəyə verilən Alpout kənd uşaq bağçasına baş çəkib, Ləkçılpaq kəndində sakinlərlə və ətraf kəndlərin nümayəndələri ilə görüşüblər.