CƏMİYYƏT
Göyçayda heyvan kəsimi və ət satışı həyata keçirilən kəsim məntəqələrində reydlər aparılıb
Bakı, 5 iyun, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi monitorinqləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Göyçayda Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə heyvan kəsimi və ət satışı yerlərində reydlər keçirilib.
Reydlər zamanı heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib. Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun gəlməyən heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb. Eyni zamanda, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmək üçün zəruri məlumatlar verilib.