CƏMİYYƏT
Göygöl Milli Parkında "Təbiətin keşiyində" eko-skaut düşərgəsi təşkil edilib
Bakı, 11 fevral, AZƏRTAC
Fevralın 6-dan 8-dək "IDEA" İctimai Birliyi və Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Göygöl Milli Parkında "Təbiətin keşiyində" növbəti eko-skaut düşərgəsi təşkil edilib.
İctimai birlikdən AZƏRTAC-a bildiriblər ki, "Təbiətin keşiyində" düşərgələrinin məqsədi gəncləri Azərbaycanın zəngin təbiəti, endem flora və faunası barədə məlumatlandırmaq, təbiəti qorumaq, onlara təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadə etməyi, həmçinin gənclərə vəhşi təbiətdə düzgün davranışı, ətraf mühitə ziyan vermədən istirahəti təşviq etməkdir.
Düşərgəyə 18-25 yaş arası ekoloji təhsili və ya bu sahədə təcrübəsi olan, həmçinin ekoloji fəallığı ilə seçilən 150 nəfərə yaxın gənc qoşulub.
Könüllü olaraq qoşulmuş gənclərin iştirakı ilə Göygöl Milli Parkının ərazisində eko-tur təşkil edilib. Gənclərə Göygöl Milli Parkının yaradılmasında əsas məqsəd, əraziyə xas olan və məşhur meşə landşaftı, göl və onun ətrafında məskunlaşmış və adları Azərbaycan Respublikasının "Qırmızı kitabı"na daxil edilmiş fauna növləri, gölün ekosistemi haqqında geniş məlumat verilib.
Gənclər üçün ikigünlük düşərgə müddətində Azərbaycanın biomüxtəlifliyi və milli parkları mövzusunda təlim, o cümlədən təbiətdə olarkən çadırların qurulması, ilkin tibbi yardım, çölçülük üçün lazımi ləvazimatlar və təhlükəsiz geyimlər haqda seminar və praktiki təlimlər keçirilib. Daha sonra iştirakçılar üçün müxtəlif ekoloji yarışlar və müsabiqələr keçirilib, həmçinin gənclər qlobal ətraf mühit problemləri üzrə fikir mübadilələri, ətraf mühitlə bağlı oyunlar, o cümlədən musiqili əyləncələrdə və s. iştirak ediblər.
Düşərgə zamanı iştirakçıların zəngin təbiəti və mənzərəsi ilə seçilən Göygöl və Maralgölə haykinqi təşkil edilib.
Düşərgənin sonunda iştirakçılara xatirə hədiyyələri və sertifikatlar təqdim edilib.
Qeyd edək ki, "IDEA" İctimai Birliyinin “Eko-skaut” layihəsinə 2017-ci ilin mart ayında start verilib. Layihənin məqsədi gəncləri təbiətin mühafizəsinə cəlb etmək, canlı aləmi dərindən öyrənməyə və qorumağa, eləcə də cəmiyyətdə faydalı ekoloji işlərlə məşğul olmağa sövq etməkdən ibarətdir. “Eko-skaut” layihəsi çərçivəsində ilk düşərgə isə ötən ilin may ayında Şirvan Milli Parkında, daha sonra Ağgöl Milli Parkında keçirilib.
Ekoloji maarifləndirmə, insan fəaliyyəti nəticəsində təbiətə vurulan ziyanın azaldılması və tədricən aradan qaldırılması, təbiətə münasibətdə etik davranışın formalaşdırılmasına töhfə verməsi baxımından “Təbiətin keşiyində” eko-skaut düşərgələrinin ölkəmizin digər milli parklarında da keçirilməsi planlaşdırılır.