REGİONLAR
Göytəpə şəhərində təbii fəlakətdən zərər çəkmiş sakinlərə yeni evlər təqdim olunub
Cəlilabad, 13 iyun, Bağır Əliyev, AZƏRTAC
2015-ci ilin oktyabr-noyabr aylarında yağan intensiv yağışlar nəticəsində Cəlilabad rayonunun Göytəpə şəhərində uçmuş 1 ədəd 16 və 1 ədəd 4 mənzilli kommunal evlərin sahibləri üçün Kazımabad kəndində inşa edilmiş yeni 20 ev istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək, Prezident İlham Əliyevin ölkəmizdə sosial sahəyə xüsusi diqqət və qayğısının ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsinə şərait yaratdığını qeyd edib. Ə.Əzizov dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunduğu respublikamızda bütün sosial proqramların icrasının uğurla davam etdirildiyini, vətəndaşların mənzillə təminatı istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb.
Yeni evlərin sahibləri mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən razılıqla danışaraq, yeni mənzillərlə təmin olunduqlarına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda evlərə baxış olub.