REGİONLAR
“Gözəl Azərbaycan” layihəsi çərçivəsində Lənkəran Dövlət Universitetində Təhsil Mərkəzi açılıb
Lənkəran, 17 noyabr, Bağır Əliyev, AZƏRTAC
Xəbər verdiyimiz kimi, “HUAWEI Azərbaycan” şirkəti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “Bakcell” şirkəti, Çinin Azərbaycandakı səfirliyi və AZƏRTAC-ın dəstəyi ilə “Gözəl Azərbaycan” layihəsinə start verib.
AZƏRTAC xəbər verir ki, noyabrın 17-də layihə çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU) Təhsil Mərkəzinin açılışı olub.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən universitetin elmi işlər üzrə prorektoru Yədulla Ağazadə, “HUAWEI Azərbaycan” şirkətinin nümayəndəsi Fərhad Rzayev layihənin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, Təhsil Mərkəzi ödənişsiz WİFİ və kompüterlə, həmçinin informasiya-kommunikasiya texnologiyalarından bəhs edən kitablarla təmin olunub. Tələbələr burada internetdə araşdırma aparmaqla biliklərə yiyələnəcək, bir-biri ilə ünsiyyət qura biləcəklər. Təhsil Mərkəzində hər həftənin cümə günü “HUAWEI Azərbaycan” şirkətinin təşkilatçılığı ilə müxtəlif tədbirlər, təlimlər və hədiyyəli oyunlar keçiriləcək.
Tədbirdə LDU-nun tələbə və müəllimlərindən bir qrupuna hədiyyələr verilib.
Qeyd edək ki, layihə çərçivəsində noyabrın 21-də Şəki şəhərində də Təhsil Mərkəzinin açılışı olacaq.