MƏDƏNİYYƏT
“Gözəl və cadugər” səhnədən-səhnəyə...
Bakı, 28 fevral, AZƏRTAC
Gəncə Kukla Teatrında Təhsil Nazirliyinin maliyyələşdirdiyi “Uşaq teatr sənəti” adlı orta məktəblərdə öyrədici pilot layihəsi çərçivəsində “Gözəl və cadugər” tamaşası nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi uşaqların teatr bacarığını inkişaf etdirməklə onların özlərinə inamını artırmaq, kollektivlə işləmək, inandırmaq kimi qabiliyyətlərini aşkarlamaqdır. Şagirdlərin bacarığını əks etdirən gözəl ifalar, məktəb səhnələrində aparılan işin nə dərəcədə tərbiyəvi təsirə malik olduğunu bir daha əyani surətdə sübut edib. Gənc ifaçılar özlərinin də keçirtdikləri hissləri tamaşaçılarla bölüşüblər.
Dostluq, sədaqət, humanizm və qəhrəmanlıq mövzularını birləşdirən səhnə işində xeyrin şərə qələbəsi öz əksini tapır.
Birhissəli uşaq tamaşasının müəllifi Səidə Haqverdiyeva, quruluşçu rejissoru Şamil Məmmədlidir.
Onu da qeyd edək ki, müəllifin bu pyesi bundan öncə A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasında səhnəyə qoyulub və hazırda studiyanın daimi repertuarında yer alır.