DÜNYA
Güclü yağışlar Yaponiyanın cənub-qərbində fəsadlar törədib
Tokio, 5 iyul, AZƏRTAC
Həftənin cümə və şənbə günlərində Yaponiyanın cənub-qərbində müşahidə olunan güclü yağışlar fəsadlar törədib, ölənlər var.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, güclü yağışlar və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 21 nəfərə çatıb. Daha dörd nəfərin isə itkin düşdüyü bildirilir.
Meteoroloqların bildirdiyinə görə, güclü yağışlar nəticəsində Yaponiyanın cənub-qərbində sutkada 400 millimetr yağıntı qeydə alınıb. Kumamoto və Kaqoşima prefekturalarında 320 min nəfər təxliyə olunub.
Kuma çayının bir neçə yerdən daşması nəticəsində Kumamoto prefekturasında yaşayış məntəqələri su altında qalıb. Xilasedicilər və hərbçilər sakinləri evlərin damından helikopterlər vasitəsilə təxliyə edirlər. Bəzi yerlərdə su evlərin ikinci mərtəbəsinədək qalxıb.
NHK telekanalının helikopterindən aparılan videoçəkilişlərində Kumamoto prefekturasının Sakamoto yaşayış məntəqəsi sakinlərinin idman meydançasında böyük hərflərlə yazdığı SOS işarəsi aydın görünür.
Təbii fəlakət nəticəsində bəzi yaşayış məntəqələri rabitəsiz və elektrik enerjisiz qalıb. Azı 11 yerdə torpaq sürüşməsinin baş verdiyi bildirilir.
Xilasetmə işlərinə Yaponiya özünümüdafiə qüvvələrinin 10 mindən çox hərbçisi cəlb edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio