DÜNYA
Gürcü nazir: Ölkədə qızılca ciddi təhlükə mənbəyinə çevrilib
Tbilisi, 18 yanvar, AZƏRTAC
Gürcüstanda qızılca daha çox yayılmağa başlayıb və artıq ciddi təhlükə mənbəyinə çevrilib. İlin əvvəlindən bu günədək ölkədə qızılcaya 335 yoluxma halı qeydə alınıb. Bu isə epidemiya ocağının alovlanması deməkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeyenko yanvarın 18-də keçirdiyi mətbuat konfransında söyləyib.
Nazir ölkədə qızılcaya yoluxmanın epidemik həddə çatdığını bəyan edib və bildirib ki, bu xəstəliyə qarşı yeganə mübarizə yolu peyvənd olunmaqdır.
Onun sözlərinə görə, Gürcüstan hökumətinin iclasında qızılca epidemiyasının yayılmasına qarşı kompleks tədbirlər müzakirə olunub. Xəstəliyə qarşı peyvənd məcburi olacaq.
Məlumat üçün qeyd edək ki, Gürcüstan hökuməti həm də, qrip virusuna qarşı mübarizə aparır. Yanvarın 18-dək ölkədə 18 nəfər A (H1N1) virusundan - donuz qripindən dünyasını dəyişib. Hazırda 800 nəfərə yaxın insan qripdən müalicə olunur. Onlardan 42-si reanimasiya şöbəsindədir.
Bütün xəstələrin müalicə xərclərini hökumət öz üzərinə götürüb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi