DÜNYA


Gürcüstan Prezidenti: Mixeil Saakaşvili xüsusi məhbusdur, onun şərəf və ləyaqəti qorunmalıdır

Tbilisi, 17 noyabr, AZƏRTAC

Gürcüstan Prezidenti Salome Zurabişvili sabiq dövlət başçısı Mixeil Saakaşvilinin həbsxana xəstəxanasına zorla yerləşdirilməsini əks etdirən videokadrların yayılmasını pisləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə S.Zurabişvili keçirdiyi xüsusi brifinqdə bildirib.

Prezident qeyd edib ki, qanun qarşısında hamı bərabərdir və keçmiş prezidentin həbsi qanunun aliliyi prinsiplərinə əsaslanıb. Lakin onun zorakılığa məruz qalması yolverilməzdir. Hazırkı hakimiyyət sələfi - M.Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkat Partiyasının iqtidarı dövründəki hakimiyyətə bənzəməməlidir.

O deyib: “Mixeil Saakaşvili xüsusi məhbusdur. Cəmiyyət və beynəlxalq ictimaiyyət ona qarşı ən yüksək standartların tətbiqini tələb edir. Keçmiş prezidentin şərəf və ləyaqəti onun davranışına baxmayaraq, qorunmalıdır. M.Saakaşvili hər necə olsa da dövlətlə bağlıdır və bu statusa hörmət edilməlidir. Buna müvafiq olaraq, onun şərəf və ləyaqətini ləkələyən kadrların yayılması qətiyyən yolverilməzdir”.

Qeyd edək ki, Gürcüstanın üçüncü prezidenti M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb və noyabrın 8-də Qldani həbsxanasının klinikasına yerləşdirilib.

Gürcüstan Xüsusi Penitensiar Xidmətinin yaydığı videokadrlarda M.Saakaşvilinin xəstəxanaya zor gücünə daxil edilməsi əks olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.