CƏMİYYƏT


Gürcüstanda 120 Azərbaycan dilli məktəb fəaliyyət göstərir

Tbilisi, 12 oktyabr, AZƏRTAC

Bu gün Gürcüstanda 120 Azərbaycan dilli məktəb fəaliyyət göstərir. Bu məktəblərdə, eləcə də Azərbaycan, gürcü və rus dilli qarışıq məktəblərdə şagirdlərin təlim, təhsil və tərbiyəsi ilə 3628 azərbaycanlı müəllim məşğul olur.

AZƏRTAC xəbər verir ki, həmin məktəblərdə isə ümumilikdə 26 min 540 nəfər azərbaycanlı şagird təhsil alır.

Azərbaycan dilli məktəblərdə şagirdlərin Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə keyfiyyətli təhsil almaları üçün müxtəlif tədbirlər görülür. Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımızın normal təhsil almaları üçün müxtəlif layihələr həyata keçirir, onlara müxtəlif kitab və digər dərs ləvazimatı göndərir.

1994-cü ildən bu günədək Gürcüstanda I-XII siniflərdə təhsil alan soydaşlarımız üçün 550 minədək müxtəlif adda dərs vəsaiti göndərilib. Təkcə 2018-2019-cu tədris ilində Azərbaycandan Gürcüstandakı soydaşlarımıza 24 min 127 ədəd kitab göndərilib. Həmin kitablar Azərbaycanın Gürcüstandakı səfirliyi vasitəsilə qonşu ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təqdim olunur.

Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində, eləcə də SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin təşəbbüsü və maliyyə yardımı ilə qonşu ölkədə müasir tipli bir neçə məktəb tikilib, onlarla məktəb əsaslı təmir olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.