DÜNYA
Gürcüstanda 6 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb
Tbilisi, 9 sentyabr, AZƏRTAC
Gürcüstanda prezident seçkilərində iştirak etmək üçün 26-sı təşəbbüs qrupu, 20-si isə siyasi partiyalar tərəfindən olmaqla, 46 nəfərin namizədliyi irəli sürülüb.
AZƏRTAC-ın verdiyi məlumata görə, Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Anna Mikeladze bildirib ki, prezidentliyə namizədlərin irəli sürülməsi prosesi başa çatıb və MSK artıq 6 nəfərin namizədliyini qeydə alıb.
Prezidentliyə namizədin qeydiyyatı üçün 23 min 923 imza (ümumi seçicilərin sayının 0,75 faizi) tələb olunur.
MSK sentyabrın 28-dək imzaları və tələb olunan sənədlərin doğruluğunu yoxlayıb digər şəxslərin namizədliyini də təsdiq edəcək.
Namizədliyi qeydə alınanlar bunlardır: David Bakradze (“Avropa Gürcüstanı - Azadlıq uğrunda hərəkat” Partiyası), Mixail Saluaşvili ("Ədalətin bərpası - Xalqın səsi”), Zviad Baqdavadze (“Vətəndaş platforması - Yeni Gürcüstan”) və Şalva Natelaşvili (“Gürcüstan Leyboristlər Partiyası”), Qriqol Vaşadze (Vahid Milli Hərəkat Partiyası) və İrakli Qorqadze ("Azad Gürcüstan Naminə" hərəkat).
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi