DÜNYA
Gürcüstanda Milad bayramı qeyd olunur
Tbilisi, 7 yanvar, AZƏRTAC
Gürcüstanda pravoslavlar İsa peyğəmbərin mövludu gününü - Milad bayramını təntənə ilə qeyd edirlər.
Bayramla əlaqədar evlərdə süfrələr açılıb, yanvarın 6-dan başlayaraq pravoslav məbədlərində bayram mərasimləri təşkil olunur, dualar oxunur.
Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya əhalini Milad bayramı münasibətilə təbrik edib.
Milad bayramı münasibətilə ilk dəfə Tbilisidə şəhər meriyasının təşəbbüsü ilə qala-konsert təşkil olunub. Konsertdə Zaxariya Paliaşvili adına Tbilisi Opera və Balet Teatrının solistləri, qadınlardan ibarət xor qrupu və digər pop-ifaçılar müxtəlif dini və bəstəkar mahnılarını ifa ediblər.
Pravoslav xristianlarının Milad bayramı yanvarın 7-də “Alilo” adlı mərasimlə davam edəcək.
Tbilisidəki mərkəzi meydanda başlanan ənənəvi “Alilo” yürüşü Müqəddəs Troitsa kilsəsində başa çatacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi