DÜNYA
Gürcüstanda xarici vətəndaşlara torpaq satışının qadağan olunması kənd təsərrüfatı sahəsinə 200 milyon lari ziyan vurub
Tbilisi, 13 mart, AZƏRTAC
Gürcüstanda xarici vətəndaşların torpaq almalarına qoyulmuş qadağa kənd təsərrüfatına sərmayə qoyuluşunu əsaslı dərəcədə azaldıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq kənd təsərrüfatı naziri, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının deputatı Otar Daneliya parlamentdəki çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, xarici vətəndaşlara torpaq satışının qadağan olunması səbəbindən bu sahədə təqribən 1500 layihə həyata keçirilməyib və yatırılan sərmayələrin həcmində 200 milyon lari azalma qeydə alınıb.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin iyununda parlament hakim partiyanın təşəbbüsü ilə xarici vətəndaşlara torpaq satışını qadağan edən qanun qəbul edilib. O zaman O.Daneliya da daxil olmaqla 87 səs lehinə olmaqla qanun qəbul edilmişdi.
Bundan sonra xeyli sayda xarici ölkə vətəndaşının torpaq üzərində hüquqları məhdudlaşdırılıb. Yalnız bir nəfər Konstitusiya məhkəməsinə müraciət edərək həmin qanunun konstitusiyaya zidd olduğunu sübuta yetirərək aldığı torpaq üzərindəki mülkiyyət hüququnu bərpa edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi