CƏMİYYƏT
Gürcüstanda yaşayan milli azlıqların problemləri müzakirə olunub
Tbilisi, 19 sentyabr, AZƏRTAC
Sentyabrın 19-da Tbilisidə “Gürcüstanda yaşayan milli azlıqların inteqrasiyası və problemləri” mövzusunda konfrans keçirilib.
Gürcüstan hökumətinin, USAID-in və ombudsmanın birgə təşkil etdikləri tədbirdə ölkədə yaşayan milli azlıqların seçki və təmsilçilik hüquqları, dövlət, hökumət və seçkili orqanlarda iştirakı məsələləri müzakirə olunub.
Gürcüstanın ombudsmanı Uça Nanuaşvili bildirib ki, ölkəsi Avropaya inteqrasiya edir. Lakin milli azlıqların problemləri həll olunmadan bu, mümkün deyil. Konfransın əsas məqsədi həmin problemləri müzakirə etmək və həlli yollarını tapmaqdır.
Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının prezidenti Əli Bədirov tədbirdə çıxış edərək bu ölkədə yaşayan azərbaycanlıların dövlət quruculuğunda, ölkənin ərazi bütövlüyünün qorunmasında, müstəqilliyin möhkəmlənməsində xidmətlərindən danışıb. Bildirib ki, Gürcüstan onların da Vətənidir və azərbaycanlılar bu dövlətin daha da möhkəmlənməsi, Avropaya inteqrasiyası üçün əllərindən gələni edirlər.
Onun sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlılar digər milli azlıqlarla müqayisədə çox olsalar da, yerli icra hakimiyyətlərində və parlamentdə azlıq təşkil edirlər. O, bəzi azərbaycanlıların gürcü dilini öyrənmələri ilə bağlı proqram və layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Sonra Gürcüstanın barış və vətəndaş bərabərliyi nazirinin müavini Petre Kankava, USAID-in Gürcüstan nümayəndəliyinin rəhbəri Tamara Sirbiladze, milli azlıqların nümayəndələri çıxış edib, məsələ ilə bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, milli azlıqlar seçkilərdə fəal iştirak etməli, istədikləri namizədlərin parlamentdə, bələdiyyələrdə təmsil olunmalarına çalışmalıdırlar. Qanuni yolla seçilmiş nümayəndələr isə seçicilərinin hüquqlarının qorunması, problemlərinin həlli ilə bağlı hakimiyyət qarşısında məsələlər qaldırmalı və onların həllinə nail olmalıdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilis