CƏMİYYƏT
Gürcüstandakı azərbaycanlı ağsaqqallarla görüş olub
Tbilisi, 14 iyun, AZƏRTAC
Tbilisidə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 14-də Gürcüstandakı azərbaycanlı ağsaqqallarla görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyində keçirilən görüşdə Azərbaycan-Gürcüstan münasibətləri, azərbaycanlıların inteqrasiyası, din, dil, təhsil problemlərinin həlli və ağsaqqalların bu işdə rolu və s. məsələlər müzakirə olunub.
Səfir Dursun Həsənov Azərbaycan dövlətinin xarici siyasəti, Gürcüstan-Azərbaycan münasibətləri barədə məlumat verib.
Fuad Muradov çıxışında Azərbaycan Prezidentinin Gürcüstana və bu ölkədə yaşayan azərbaycanlılara xüsusi diqqət və qayğı göstərdiyini bildirib. Qeyd edib ki, bu ölkədə yaşayan azərbaycanlılar təkcə Gürcüstan dövlətinin möhkəmlənməsində deyil, ölkələrimiz arasında münasibətlərin inkişafında da mühüm rol oynamalıdırlar. Komitə sədri soydaşlarımızı bu işdə daha fəal olmağa, azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməyə dəvət edib. Ağsaqqalların da bu işdə rolu xüsusi vurğulanıb.
Gürcüstan Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, "Gürcüstan" qəzetinin redaktoru İslam Əliyev və başqaları çıxış edərək qaldırılan məsələlərə münasibət bildiriblər.
Çıxış edənlər ölkələrimiz arasındakı münasibətlərdən söz açıb, göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıq ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi