MƏDƏNİYYƏT
Gürcüstanın Marneuli rayonunda Novruz bayramı geniş qeyd olunub
Marneuli, 21 mart, AZƏRTAC
Gürcüstanda soydaşlarımızın yığcam yaşadıqları Marneuli şəhərində Novruz bayramı genişmiqyaslı şənliklə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın müxtəlif bölgələrindən gəlmiş azərbaycanlılar üçün yaradılmış guşələrdə xalqımızın qədim tarixini, milli adət-ənənələrini əks etdirən atributlar nümayiş olunub.
Azərbaycanlıları bayram münasibətilə təbrik etmək üçün Marneuliyə gələn Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili və qaçqınların işi üzrə nazir Sozar Subari şənliklərdə iştirak ediblər. Bayram tonqalını alovlandıran dövlət və hökumət başçıları Novruz adət-ənənələri ilə tanış olublar.
Qonaqlara Novruz bayramının özəllikləri barədə məlumat verilib. Gürcü nazirlər samovar çayı içib, yumurta döyüşdürüb, şəkərbura və paxlavanın dadına baxıblar, idmançıların çıxışlarını da izləyiblər.
Nazirlər bu gözəl Bahar bayramı günündə Azərbaycan xalqına böyük uğurlar, firavanlıq və bolluq arzulayıblar. Azərbaycan xalqını salamlayan və təbrik edən nazirlər bildiriblər ki, Novruz çox böyük bayramdır. Əmin olduqlarını bildiriblər ki, Azərbaycan və gürcü xalqları arasında mövcud dostluq və qardaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və daha da möhkəmlənəcək.
Çıxışlarda Marneulinin infrastrukturunun inkişafı, burada yaşayan azərbaycanlıların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan işlərin bundan sonra da davam etdiriləcəyi bildirilib.
Həmçinin digər hökumət nümayəndələri də azərbaycanlıları bayram münasibətilə təbrik ediblər.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov tədbirdə çıxış edərək ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrindən danışıb, Novruz bayramı barədə ətraflı məlumat verib. Diplomat gürcü nazirlərin tədbirdə iştirakını, Baş nazirin təbrikini yüksək qiymətləndirib.
Sonda incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı təqdim edilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Marneuli