ELM VƏ TƏHSİL
HARVARD UNİVERSİTETİNİN PROFESSORUNUN “SƏRHƏDLƏR VƏ QARDAŞLAR:..” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tanınmış alim və tədqiqatçıların, xarici ölkələrin Bakıdakı səfirlikləri nümayəndələrinin iştirak etdiyi tədbiri AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev açaraq kitabın əhəmiyyətindən danışmışdır.
İnstitutun aparıcı elmi işçisi, filologiya elmləri namizədi Rəhilə Qeybullayeva kitab haqqında ətraflı məlumat vermişdir.
Sonra müəllif, professor Brenda Şeyfer çıxış edərək öz elmi araşdırmalarından, o cümlədən Azərbaycan və İran xalqlarının kimliyinin tədqiqi ilə bağlı apardığı işlərdən söhbət açmışdır. O, Azərbaycan mədəniyyətinin və tarixinin öyrənilməsinə ölkəmizin Prezidenti İlham Əliyevin xüsusi önəm verdiyini vurğulamış, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir.
Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Azərbaycan Dillər Universitetinin prorektoru, professor Zeydulla Ağayev, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhrəmov və başqaları xanım Brenda Şeyferin elmi yaradıcılığının uğurlarından, ABŞ-Azərbaycan əməkdaşlığının inkişafındakı, eləcə də İran və Azərbaycan xalqlarının kimliyinin dünya ictimaiyyətinə çatdırılmasındakı rolundan danışmış, kitabla bağlı fikir və mülahizələrini bildirmiş, müəllifə yeni yaradıcılıq nailiyyətləri arzulamışlar.