Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

«HÜQUQI ŞƏXSLƏRIN DÖVLƏT QEYDIYYATI VƏ DÖVLƏT REYESTRI HAQQINDA» AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN TƏTBIQ EDILMƏSI BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

«Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. hüquqi şəxslərin dövlət reyestrinin tərtib edilməsi və aparılması üçün zəruri olan maliyyə və digər vəsaitlərin ayrılmasını təmin etsin;

1.4. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.3-cü, 12.11-ci və 15.4-cü maddələrinə müvafiq olaraq hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydalarını, dövlət reyestr kitabının, dövlət qeydiyyatı haqqında şəhadətnamənin və dövlət reyestrindən çıxarışın, saxlanmaq üçün təqdim olunan imza nümunələrinin formaları və ərizənin məzmunu, dövlət reyestrindən çıxarışda göstərilən məlumatların həcmi də daxil olmaqla Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.5. öz səlahiyyətləri daxilində «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.3-cü, 5.1-ci, 5.6-cı (ikinci cümlədə birinci və ikinci halda), 8.2-ci, 8.3-cü, 8.4-cü, 8.5-ci, 9.2-ci (birinci və ikinci cümlələrdə),10.1-ci, 11.3.1-ci, 11.3.4-cü, 13.1-ci, 15.2-ci, 15.5-ci, 16.1-cı, 16.4-cü, 16.5-ci, 16.7-ci, 17.0-cı, 18.1-ci, 20.3-cü və 20.4-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 571 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə, 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanının 3-cü bəndinin ikinci abzasına, 2002-ci il 24 avqust tarixli 758 nömrəli Fərmanının 8-ci bəndinə və 2003-cü il 23 oktyabr tarixli 947 nömrəli Fərmanının 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə orqanları, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.2. həmin Qanunun 4.3-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, habelə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər;

2.3. həmin Qanunun 7.1.1-cı maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir;

2.4. həmin Qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.5. Hüquqi şəxslərin vahid dövlət reyestri Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır;

2.6. Hüquqi şəxslərin vahid dövlət reyestri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən bu Fərmanın 2.1-ci bəndinə əsasən müvafiq olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə orqanları, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların səlahiyyətləri daxilində qeydə alınmış şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib etdikləri reyestrlərinin məlumatları əsasında tərtib edilir;

2.7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə orqanları, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların səlahiyyətləri daxilində qeydə alınmış şəxslər barəsində tərtib etdikləri reyestrləri Hüquqi şəxslərin vahid dövlət reyestrinin tərkib hissəsidir;

2.8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə orqanları, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi müəyyən olunmuş qaydada və müddətdə onlar tərəfindən qeydiyyata alınmış müvafiq şəxslər barəsində məlumatları Hüquqi şəxslərin vahid dövlət reyestrini mərkəzləşdirilmiş qaydada aparan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə verirlər;

2.9. həmin Qanunun 12.1-ci, 15.2-ci, 15.5-ci, 16.1-ci və 16.4-cü (ikinci cümlədə birinci və ikinci halda), 16.5-ci, 16.7-ci, 17.0-cı (hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsi və dövlət reyestrindəki yazıların ləğv edilməsi ilə bağlı), 18.1-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə orqanları və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, habelə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.10. həmin Qanunun 12.3-cü, 12.11-ci və 15.4-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı» nı n səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.11. həmin Qanunun 12.7-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi həyata keçirir;

2.12. həmin Qanunun 13.3-cü, 16.2.2.-ci və 16.2.3-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini qanunvericiliyə uyğun olaraq müvafiq vergi orqanları həyata keçirirlər;

2.13. həmin Qanunun 17.0.1-ci və 17.0.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu öz səlahiyyətləri daxilində həyata keçirirlər.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bu Fərmanın icrası, o cümlədən hüquqi şəxslərin dövlət reyestrinin təşkil edilməsi, onun aparılması və reyestr məlumatlarının dərc olunması ilə bağlı məsələlərin həllini təmin etmək məqsədi ilə hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə yaradılmış bölgə şöbələrinin yerləşdirilməsi, strukturu və ştatlarının say tərkibinə və bununla əlaqədar başqa məsələlərə yenidən baxsın, habelə bu Fərmanın icrası ilə bağlı digər məsələlərin həllini səlahiyyətləri daxilində təmin etsin.

4. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi öz səlahiyyətləri daxilində dövlət qeydiyyatına aldıqları hüquqi şəxslər barədə məlumatları Hüquqi şəxslərin vahid dövlət reyestrini aparan Azərbayan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsin.

5. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

6. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 12 aprel 2004-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin