REGİONLAR


Hacı İsmayılov: Məni aktyor kimi tanıdan, mənə tamaşaçı rəğbəti qazandıran Rasim Ocaqov olub

Şəki, 25 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Məni bir aktyor kimi kəşf edən görkəmli rejissorumuz Rasım Ocaqov olub. Rasim Ocaqov məni bir aktyor kimi yetişdirib, tanıdıb, mənə tamaşaçı rəğbətini qazandırıb. Xoşbəxt adamam ki, Rasim Ocaqov kimi bir rejissorun filmlərində çəkilmişəm. Bu xoşbəxtlik mənə həyatımda beş dəfə nəsib olub. Mən Rasim Ocaqovun beş filmində rol almışam.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Xalq artisti Hacı İsmayılov görkəmli rejissor Rasim Ocaqovun 85 illiyi münasibətilə Şəkidə keçirilən yubiley tədbirində jurnalistlərə müsahibəsində deyib.

Rasim Ocaqovun onu “Ad günü” filminə çəkməklə böyük risk etdiyini vurğulayan aktyor deyib: “Həmin vaxt o, məni tanımırdı. Ancaq sonradan rejissor məni digər filmlərinə də dəvət etdi. Rasim müəllim çox sadiq insan idi. Yəni, əgər aktyoru bir dəfə filmə çəkirdisə, bacarıqlı, istedadlı olduğunu görürdüsə, mütləq onu növbəti filmlərinə də dəvət edirdi. Rasim Ocaqovun filmlərinə çəkildiyim günlər həyatımın ən xoşbəxt anları idi. Hərdən məndən soruşurlar ki, filmlərə çəkiləndə özünüzü xoşbəxt hiss edirsinizmi? Deyirəm ki, həmin vaxt ancaq film haqqında fikirləşirsən, görəsən, rolum necə alınacaq. Yalnız film hazır olandan, ona baxdıqdan sonra özümü xoşbəxt sanıram”.

Şəkidə keçirilən yubiley tədbirində iştirak etdiyinə görə sevinc hisləri keçirdiyini deyən Xalq artisti bildirib: “Məni bir aktyor kimi tanıdan, tamaşaçıların rəğbətini qazandıran, doğma yurdunu - Şəkini mənə sevdirən Rasim Ocaqov olub. Ona görə də mən Şəkini, Şəki camaatını həddindən çox sevirəm və onlara həmişə hörmət edirəm. Sevinirəm ki, bu gün yenə də Şəkidə, bu gözəl məkandayam”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.